Yarım Final Nəticələri
19.07.2026 tarixində keçirilən BİZON Student Cup IV turnirinin yarımfinal mərhələsinə yekun vuruldu. Gərgin mübarizə şəraitində keçən qarşılaşmaların ardından finalın iki iştirakçısı müəyyənləşdi.
Yarımfinalın ilk oyununda Marmara Group və Gilli FC komandaları üz-üzə gəldi. Qarşılaşmanın ilk dəqiqələrindən etibarən oyuna tam nəzarəti ələ alan Marmara Group rəqibi üzərində üstün oyun nümayiş etdirdi. Hücum xəttindəki effektiv çıxışı və inamlı oyunu sayəsində 3:1 hesablı qələbə qazanan komanda adını turnirin final mərhələsinə yazdırdı.
Günün ikinci yarımfinal qarşılaşmasında isə Novarro Academy və Gənclərbirliyi komandaları mübarizə apardı. Oyuna daha fəal başlayan Novarro Academy ilk hissədə yaratdığı qol epizodlarından birini dəqiq tamamlayaraq fasiləyə 1:0 hesablı üstünlüklə yollandı.
İkinci hissədə isə Gənclərbirliyi oyuna tam fərqli əhval-ruhiyyədə başladı. Təzyiqi artıran komanda ardıcıl hücumlar quraraq hesabı bərabərləşdirməyə nail oldu və qarşılaşmaya yenidən həyəcan qazandırdı. Əsas vaxt 1:1 hesabı ilə başa çatdığından qalibin adına penaltilər seriyasında aydınlıq gətirildi.
Penaltilər seriyasında daha dəqiq və soyuqqanlı çıxış edən Novarro Academy rəqibini 5:4 hesabı ilə məğlub edərək turnirin ikinci finalçısı oldu.
Beləliklə, Marmara Group və Novarro Academy komandaları BİZON Student Cup IV turnirinin çempionu olmaq uğrunda final qarşılaşmasında üz-üzə gələcək. QOLAT Sport Servis olaraq hər iki komandaya həlledici final görüşündə uğurlar arzulayır, bol şans və ədalətli mübarizə diləyirik.